CNN: "İsrail kəşfiyyatı Azərbaycanda yerləşdirilib"

İsrail və Azərbaycan bayrağı

Şəklin mənbəyi, Getty Images

Çap edildi
Oxuma vaxtı: 4 dəq

İsrailin İranla müharibə vaxtı İrana qarşı əməliyyatları asanlaşdırmaq üçün özünün elit hərbi və kəşfiyyat bölmələrini gizli şəkildə Azərbaycana yerləşdirdiyi iddia olunur. Belə iddiaları CNN kanalına məsələdən xəbərdar dörd mənbə bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi bu iddiaları tamamilə əsassız adlandırıb və qətiyyətlə rədd etdiyini və CNN-dən məqalənin təkzib edilməsini gözlədiklərini açıqlayıb.

CNN-nin məqaləsində bildirilir ki, mənbələrdən ikisi İsrail qüvvələrinin Azərbaycanın cənubunda, İranla həmsərhəd bir neçə məkandan fəaliyyət göstərdiyini deyib. Digər iki mənbə isə iddia edib ki, əraziyə xüsusi komando bölmələri də yerləşdirilib və kəşfiyyat toplama missiyaları və pilotsuz təyyarə əməliyyatları həyata keçiriblər. Bununla İsrailin İranın şimalını görmək üçün dəyərli bir imkan əldə etdiyi iddia olunur.

Azərbaycan XİN açıqlamasında onu da bildirib ki, "Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə edilməsi barədə iddiaların heç bir əsası yoxdur. Ölkəmiz bu kimi fəaliyyətlərə heç vaxt icazə verməyib və verməyəcək."

Mənbələr CNN-ə deyiblər ki, Azərbaycana yerləşdirilmiş elit hərbi və kəşfiyyat bölmələri İsrailin Yaxın Şərqdə - İraq, Birləşmiş Ərəb Əmirlikləri və Somalilandda gizli obyektlər şəbəkəsinin bir hissəsi olub və onlar İsrailə İran daxilindəki hədəflərə qarşı təkrarlanan zərbə dalğalarını davam etdirməyə kömək edib.

Mənbələrdən biri deyib ki, Azərbaycandakı qrup İsrailin xüsusi əməliyyat qüvvələrinin üzvləri, elit vertolyot döyüş və xilasetmə qüvvələri və Mossad personalı da daxil olmaqla, onlarla əsgərdən ibarət olub. Qrup əvvəlcə potensial xilasetmə üçün qurulub, lakin sonradan genişləndirilib.

regional xəritə

CNN-nin məqaləsində həmçinin iddia olunur ki, İsrailin müharibəyə hazırlığı fevral ayından daha əvvəl başlayıb.

Planlarla tanış olan iki mənbə CNN-ə bildirib ki, yanvar ayının ortasında İranda etirazlar yatırıldığı vaxt İsrail "Azərbaycan-İran sərhədi boyunca gizli missiya hazırlayıb".

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Mənbələr deyiblər ki, ilkin iş "dinləmə cihazları və kəşfiyyat avadanlığı quraşdırmaq" olub.

Məqalədə o da bildirilir ki, İsrail ilk zərbələrini yanvar ayının ortalarında həyata keçirmək istəyib, amma ABŞ Prezidenti Donald Tramp son anda zərbələri ləğv edib və İranın nümayişçilərin öldürülməsini dayandırmağa razı olduğunu bildirib.

Lakin İsrail təkbaşına hərəkət edib və İsrail ABŞ və İran arasında danışıqların uğuruna inanmadığı üçün gizli təyyarələr və xüsusi təyinatlılardan istifadə edərək cihazlar quraşdırıb.

Məqalədə iddia olunur ki, bu kəşfiyyat yeri İsrailə İranın hərbi hərəkətləri və obyektləri haqqında məlumat toplamaq, həmçinin potensial raket atışları barədə erkən xəbərdarlıq üçün əlavə bir vasitəyə çevrilib.

Məqalədə yanvarın sonunda İsrailin xarici işlər naziri Gideon Saar Bakıya gəldiyi və Azərbaycan Prezidenti və digər rəsmi şəxslərlə görüşdüyü də xatırlanır.

Prezident Əliyevin saytındakı xəbərdə deyilir ki, görüşdə Azərbaycan və İsrail arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə uğurlu inkişafı vurğulanıb, kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar, həmçinin süni intellekt sahələrində əməkdaşlıq məsələləri qeyd edilib.

Mənbələrdən biri iddia edib ki, Azərbaycandan idarə olunmuş önəmli əməliyyatlardan biri martın 4-də İran İslam İnqilabı Keşikçilərinin kəşfiyyat bölməsinin rəhbəri Rəhman Müqəddəmin öldürülməsi olub. İsrail iddia edib ki, o, 2024-cü ildə Trampa qarşı sui-qəsdi planlaşdıran şəxs olub.

Gideon Saar və İlham Əliyev salamlaşırlar

Şəklin mənbəyi, president.az

Şəklin alt yazısı, Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı yanvarın 26-da qəbul edib

Azərbaycan Xarici İşlər Nazirliyi bu məqalə ilə bağlı bəyanatında deyib ki, "5 iyun tarixində "CNN World" xəbər kanalının internet səhifəsində dərc olunmuş məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddialar tamamilə əsassızdır və onları qətiyyətlə rədd edirik."

XIN onu da deyib ki, sözügedən məqalədə yer alan iddialar Azərbaycan tərəfindən dəfələrlə təkzib edilib.

İrandan Naxçıvana dron hücumu olub, Azərbaycan bildirir

Şəklin mənbəyi, Sosial media

Məqalədə daha sonra martın 5-də Naxçıvan hava limanına dron düşməsi və dörd nəfərin yaralanması da xatırlanır. Həmin vaxt Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını çağırmış, dronlara görə İranı sərt şəkildə tənqid etmişdi. O, dron zərbələrini "İranın Azərbaycana terror aktı" və "namərd atəş" kimi qiymətləndirib.

İranın Bakıdakı Səfirliyi Naxçıvana "İran ərazisindən hücum edilməsi barədə iddiaları tamamilə əsassız" adlandırıb və təkzib edib. İranın Silahlı Qüvvələri isə bu "təxribatçı" hərəkətə görə İsraili ittiham edib. İranın Xarici İşlər Nazirliyi bu hadisə ilə bağlı araşdırmaya başladıqlarını deyib.

Martın 6-da isə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti elan edib ki, ölkədə terror hücumları planlaşdıran İranın SEPAH təşkilatına bağlı şəxsləri həbs edib.

DTX bildirib ki, o şəxslər Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, İsrailin Azərbaycandakı səfirliyini, Dağ yəhudiləri dini icmasının rəhbərlərindən birini və Aşkenazi sinaqoqunu hədəf alıb.

Aprel ayında isə İsrail Müdafiə Qüvvələri, Mossad və Şin Bet təhlükəsizlik xidməti açıqlama yayaraq, yaxın aylarda Azərbaycanda SEPAH-ın dəstəklədiyi və Azərbaycandakı strateji infrastruktura, İsrail və yəhudi hədəflərinə hücumlar planlaşdıran terror hücrəsini ifşa etdiklərini bildiriblər.

Times of İsrael həmin vaxt yazıb ki, Azərbaycan təhlükəsizlik qüvvələrinin həbs etdiyi şəxslər ümumilikdə "terror şəbəkəsinin və onun komandanlıq zəncirinin ifşasına səbəb olub". Nəşr qeyd edir ki, şəbəkəyə rəhbərliyi İsrail-ABŞ-ın İrana hücumlarında öldürülmüş Rəhman Müqəddəm olub.

CNN-nin məqaləsində səslənən iddialarla bağlı Tehranın şərhi hələ məlum deyil.

Mart və aprel ayında baş vermiş hadisələrdən sonra Azərbaycan və İran gərginliyin azaldılması və məsələlərin dialoq yolu ilə həllinə önəm verdiklərini bildiriblər.

Müharibə dövründə Azərbaycan İrana humanitar yardımlar yollayıb.

Ən son İran və Azərbaycan xarici işlər nazirləri iyunun 4-də danışıb, Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və əməkdaşlıq perspektivləri, habelə regionda mövcud vəziyyət və təhlükəsizlik məsələləri müzakirə ediblər.