İran Hörmüz boğazı məsələsində niyə bu qədər böyük riskə gedir?

İran

Şəklin mənbəyi, EPA/Shutterstock

    • Müəllif, Amir Azimi
    • Vəzifə, BBC News Farsca
  • Çap edildi
  • Oxuma vaxtı: 5 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Həyati əhəmiyyətə malik Hörmüz boğazına nəzarət üçün Amerika Birləşmiş Ştatları ilə 10 gün qarşılıqlı hücuma rəhbərlik etmiş İran rəhbərlərinin önündə sanki üç variant var.

Lakin bunların heç biri qələbəyə aparan açıq bir yol təklif etmir.

İlk variant Vaşinqtonun tələblərinin böyük hissəsini qəbul etməkdir: Ticarət gəmilərinə yönəlik hücumları dayandıraraq Hörmüz boğazından sərbəst və təhlükəsiz keçidi təmin etmək, İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatından imtina etmək və ya bu ehtiyatı azaltmaq və qlobal nüvə nəzarəti təşkilatının hərtərəfli yoxlamalarını qəbul etmək.

Tehran bunun müqabilində İran limanlarına tətbiq edilən ABŞ dəniz blokadasının ləğv olunmasını, sanksiyaların yumşaldılmasını və yeni hücumlara qarşı zəmanət verilməsini istəyəcəkdir.

Bu, ehtimalla maliyyə baxımından ən ucuz variantdır. Lakin, eyni zamanda siyasi baxımdan ən ağırı olanıdır.

Hörmüz boğazına nəzarət məsələsində İranın buna haqqı çatdığını rəsmi şəkildə təsdiqləmədən onun yenidən açılmasına razılaşması Tehranda bəzi dairələrin yeni çəkindirici vasitə kimi görməyə başladığı bu rıçaqdan imtina etməsi demək olardı.

Üstəlik, bu siyasi rıçaq artıq İranın raketlərindən, bölgədəki proksi qüvvələrindən və hətta nüvə proqramından belə daha təsirli görünə bilər.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

İran İslam Respublikası düşmənlərinin öz ərazisinə təşkil etdiyi hücuma cavab olaraq qlobal iqtisadiyyata anında hesab ödətdirə bildiyini ilk dəfə göstərmiş oldu.

Digər tərəfdən, nüvə proqramı uzun müddətdir İranın imtina etməyə məcbur edilə bilməyəcəyi bir hüquq kimi təqdim olunur.

Aylarla davam edən hücumlardan sonra nüvə fəaliyyətlərinə ciddi məhdudiyyətlərin qoyulması yönündəki tələbləri qəbul etmək, sərt xətt tərəfdarlarının Amerikan hərbi təzyiqinin işə yaradığını müdafiə etməsinə imkan yaradacaq.

Bu vəziyyət, həmçinin İranın raket proqramı ilə Livan Hizbullahı, İraqdakı şiə qrupları və Yəməndəki husilərlə münasibətləri məsələsində yeni tələblərin önünü aça bilər.

İkinci variant isə gərginliyi artırmaqdır.

İran; bölgədəki Amerika bazalarına, gəmilərə və Körfəzdəki ərəb ölkələrinin həyati infrastrukturuna yönəlik hücumlarını intensivləşdirə bilər.

Beləliklə, yüksələn enerji qiymətlərinin və daha genişmiqyaslı axsamaların Vaşinqton ilə müttəfiqlərini güzəştə getməyə məcbur edəcəyinə ümid bəsləyə bilər.

Lakin bu variant ən böyük hərbi riski daşıyır.

Çox sayda insanın ölümünə və ya Körfəzdəki infrastrukturun ciddi şəkildə zərər görməsinə gətirib çıxaracaq bir hücum İranın qonşularını münaqişəyə birbaşa sürükləyə bilər və Tehranı daha geniş bir koalisiya ilə üz-üzə qoya bilər.

Üçüncü variant isə mövcud qeyri-sabitliyi davam etdirməkdir: Gəmilər və enerji bazarları üzərində bazarlıq gücünü qoruyacaq qədər təzyiq yaratmaq, lakin ABŞ ilə yenidən genişmiqyaslı müharibəyə təkan verəcək həddə çatmamaq.

Bu yanaşma İran İslam Respublikasının köklü təfəkkür tərzinə uyğun görünür.

İranın özündən daha güclü bir düşməni məğlub etməsi tələb olunmur; həmin düşmənin döyüşməyə risk etdiyi müddətdən daha uzun müddət mövqeyində qalması kifayətdir.

Mövcudluğunu qorumaq belə bir qələbə kimi təqdim edilə bilər. Lakin sanksiyalar, müharibənin vurduğu zərər və inflyasiya ölkə daxilindəki təzyiqi getdikcə artırır.

Zaman keçdikcə bir ziddiyyət də ortaya çıxa bilər: İran Hörmüz boğazını bir silah kimi nə qədər çox istifadə edərsə, ölkələrin bölgədən enerji və digər malları ixrac etmək üçün yeni yollar tapacağı təqdirdə bu silah bir o qədər zəifləyə bilər.

İran Parlamenti Sədri Məhəmməd Baqir Qalibaf da bu ziddiyyəti qəbul edib.

Qalibaf Hörmüzün dəyərinin boğazdan keçən gəmi sayını azaltmaqdan yox, artırmaqdan qaynaqlandığını müdafiə edib.

Mütəmadi olaraq təhlükəsiz olmayan bir dəniz yolu dünyanı İranı dövrədən çıxaracaq alternativlər tapmağa sövq edəcəkdir.

Qərarları kim verir?

İrandakı qərar qəbuletmə prosesi ilə bağlı qeyri-müəyyənlik də vəziyyəti daha mürəkkəb hala gətirir.

Fevral ayında başlayan ABŞ-İsrail müharibəsi zamanı təşkil edilən hücumda öldürülən Ayətullah Əli Xamenei dövründə seçilmiş siyasətçilər, dini qurumlar və İnqilab Keşikçiləri arasındakı fikir ayrılıqlarında son sözü dini lider deyirdi.

Aylarla davam edən müharibənin və Xameneinin oğlu Müctəbanın hakimiyyətə gəlməsinin ardından bu güc nisbətinin necə formalaşdığı artıq daha qeyri-müəyyəndir.

Prezident Məsud Pezeşkian və diplomatları iqtisadi təzyiqi yüngülləşdirmək və sabitliyi bərpa etmək məqsədilə razılaşmanın əldə olunmasını dəstəkləyə bilər.

Buna qarşılıq parlamentdəki sərt xətt tərəfdarları, seçilməmiş güclü qurumlar və mühafizəkar media vasitələri veriləcək böyük güzəştlərin İran İslam Respublikasının ideoloji təməllərini zəiflətməsindən və əsas tərəfdar kütləsini uzaqlaşdırmasından narahat ola bilər.

Ən böyük sual isə silahlı qüvvələr, xüsusən də İnqilab Keşikçiləri ilə bağlıdır.

İranın raket proqramı, regional ittifaqları və Hörmüz boğazındakı strategiyası İnqilab Keşikçilərinin nüfuzunun təməlini təşkil edir.

Lakin gərginliyin artırılması və danışıqlar mövzusunda qəbul ediləcək qərarlarda komandirlərin nə qədər nüfuza sahib olduğu hələ də məlum deyil.

Tehranın önündəki üç variantın sistemin müxtəlif qollarına gətirəcəyi nəticələr də eyni deyil.

Praqmatiklər razılaşmanı dəstəkləyə, sərt xətt tərəfdarları müqavimət göstərməyi üstün tuta, bəzi hərbi komandirlər isə gərginliyi artırmağın İranın danışıqlar gücünü artıracağını düşünə bilər.

Buna görə də sual yalnız İranın hansı yolu seçəcəyi değil, bu seçimi etmək səlahiyyətinin kimdə olmasıdır.

İranlılar nə deyir?

İran rəhbərliyinin müqavimət anlayışı, bu müqavimətin nəticəsini ödəmək məcburiyyətində qalan insanlar üçün çox fərqli bir məna daşıyır.

İran və ABŞ hərbi əməliyyatları dayandırmaq, Hörmüz boğazını yenidən açmaq və növbəti 60 gün ərzində müharibəyə son qoyacaq bir razılaşma əldə etmək məqsədilə iyun ayında bir Anlaşma Memorandumu imzaladı.

Lakin razılaşmanın imzalanmasından üç həftə sonra ABŞ Prezidenti Donald Trump İranın Hörmüzdəki gəmilərə yönəlik hücumları və buna cavab olaraq təşkil edilən Amerika hücumlarından sonra atəşkəsin "başa çatdığını" elan etdi.

İranda yaşayan bir qadın BBC Farsca xidmətinə toqquşmalar yenidən başlayanda "çox, amma çox kədərləndiyini" bildirdi.

Qadın Anlaşma Memorandumunun iki tərəfə fikir ayrılıqlarını həll etmək və sabitliyi bərpa etmək üçün vaxt qazandıracağına ümid etmişdi. Lakin bunun əvəzinə indi infrastrukturun dağılmasından, mülki şəxslərin və hərbçilərin həyatını itirməsindən narahat idi.

İran rəhbərliyi daxilindəki sərt xətt tərəfdarlarını dağıdıcı siyasətləri xalqa sırımaqda təqsirləndirən qadın, onun fikrincə, müharibəni təşviq edən xaricdəki müxalif xadimləri də tənqid edir.

Tehranda yaşayan başqa bir qadın isə çalışdığı xarici ticarət şirkətinin bağlandığını və doktorluq dərəcəsinə, həmçinin 17 illik təcrübəsi olmasına baxmayaraq, dörd aydır işsiz olduğunu deyir.

"Heç kim işə qəbul etmir, çünki heç kim nə olacağını bilmir" deyən qadın qiymətlərin sürətlə qalxdığını, elektrik və su kəsintilərinin baş verdiyini, oğurluq hallarının artdığını və gecələr zaman-zaman atışma səslərinin eşidildiyini anladır.

O, artıq şəhər daxilində etdiyi gəzintiləri də məhdudlaşdırıb.

Bu danışılanlar tək bir siyasi nəticəyə işarə etmir.

Xarici hücumlar İran İslam Respublikasına qarşı çıxan şəxslər arasında belə ABŞ və İsrailə yönəlik qəzəbi artıra bilər.

Lakin bu şahidliklər, eyni zamanda xalqdan müqavimət naminə qeyri-müəyyən müddət ərzində çətinliklərə dözməsini istəməyin sərhədlərini də ortaya qoyur.

Trump da öz tərəfindən çətin variantlarla üz-üzədir: müharibəni genişləndirmək, hərbi və iqtisadi təzyiqi davam etdirmək və ya İranın daha ciddi nəzarət altında, məhdudlaşdırılmış mülki nüvə proqramı həyata keçirməsinə icazə verən bir razılaşmanı qəbul etmək.

Bu variantların heç biri qələbəyə aparan aydın bir yol təklif etmir.

Münaqişə; qarşılıqlı hücumlar, vasitəçilik cəhdləri və müvəqqəti atəşkəslərdən ibarət dövrələr şəklində aylarla davam edə bilər.

Həlledici sual İran rəhbərliyinin genişmiqyaslı müharibəyə, ölkədə yeni etiraz dalğasına və ya boğazın əhəmiyyətini azaldacaq alternativ marşrutların inşasına yol açmadan Hörmüz boğazından nə qədər müddət siyasi rıçaq kimi istifadə edə biləcəyidir.