Yanmış, güllələnmiş və yaralanmış: Rusiya yaralı əsgərləri cəbhə xəttinə necə geri göndərir

Şəklin mənbəyi, NurPhoto via Getty Images
Minaya düşdükdən sonra Oleq Şikin kəllə sümüyündə qəlpə, üzündə və əlində yanıqlar, sol gözündə, döş qəfəsində, qollarında və qıçlarında yaralarla xəstəxanaya çatdırıldı.
Kəllə sümüyünün bir hissəsi cərrahi əməliyyatla götürülməli oldu.
Şikin cəzaçəkmə müəssisəsindən azad olunması müqabilində müqavilə bağlamışdı. Son dörd il ərzində Rusiyanın Ukrayna ilə müharibəyə görə daha çox əsgər toplamağa çalışması fonunda on minlərlə məhbus eyni seçimi edib.
Müalicədən sonra Şikin müharibə dövründə əsgərlərin tərxis olunmasına imkan verən "hərbi xidmətə yararsız" olub-olmadığını müəyyən etmək üçün hərbi-tibbi ekspertizaya yönləndirildi.
Tövsiyə olundu ki, bir aylıq xəstəlik məzuniyyətindən sonra o, yenidən müayinə edilsin.
Bunun əvəzinə, o, başında titan lövhə ilə cəbhə xəttinə qaytarıldı.

Şəklin mənbəyi, AFP via Getty Images
Şikinin işi BBC News Rusca tərəfindən aşkarlanan onlarca belə haldan biridir.
Hər kəsə açıq olan məhkəmə sənədləri komandirlərin yaralı əsgərləri qanuni şəkildə tələb olunan tibbi müayinələr olmadan təkrarən döyüşə qaytarmaları ilə bağlı iddiaları ortaya qoyur.
Rusiya Federasiyasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanununa əsasən, iki yararlılıq kateqoriyası – "yararsız" və "məhdud yararlı" – vaxtından əvvəl tərxis olunmağa əsas verə bilər.
Bu kateqoriyalar həkim-terapevt, cərrah, nevroloq, psixiatr, офтальмолог , qulaq-burun-boğaz mütəxəssisi, stomatoloq və zərurət yarandıqda digər mütəxəssislərdən ibarət hərbi-tibbi komissiya tərəfindən müəyyən edilməlidir.
Tam tibbi komissiya tərəfindən müayinə olunmayan Şikin Нижний Новгород Qarnizon Hərbi Məhkəməsinə müraciət edərək, ona qarşı qanunsuz rəftar edildiyini bildirmişdir.
Məhkəmə görünür ki, onunla razılaşmış və komandirinə bu müayinənin təmin olunmasını tapşırmışdır.
Lakin sənədləşmə elə buradaca bitir. İnternetdə Şikin haqqında başqa heç bir məlumat yoxdur – onun yenidən müayinə olunub-olunmadığı, hətta sağ və ya ölü olduğu məlum deyil.

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Hüquq müdafiəçisi "Vətəndaş, Ordu, Qanun" qrupunun direktoru Sergey Krivenkonun sözlərinə görə, bir çox keçmiş məhkum faktiki olaraq, orduda tələyə düşüb və bu da onlardan müharibədə "sarsıdıcı dərəcədə insafsızcasına istifadə olunmasına" şərait yaradır.
Məsələn, Cənub Dairə Hərbi Məhkəməsi Rüstəm Fərzəliyevin "sosial əhəmiyyətli xəstəlik" səbəbindən "məhdud yararlı" olmasına baxmayaraq, məhkumluğunun onun ordudan tərxis olunmasına mane olduğuna dair qərar çıxarıb.
Keçmiş məhkum Vitali Kamenyuk isə öz ilkin xəsarət arayışında "ağır xəsarət" qeyd olunmasına baxmayaraq, daha rəsmi müayinədən imtina edildiyindən və yalnız bir nevroloqun rəyi əsasında xidmətə yararlı elan olunduğundan şikayətlənib.
Barmaqlarını itirmiş, yaxud İnsanın İmmunçatışmazlığı Virusu (İİV), vərəm, xərçəng və ya psixi xəstəlik kimi halları olan sıravi könüllülər "məhdud yararlı" kimi tərxis olunublar. Lakin tibbi müayinələrdən narazı olanlar təkcə keçmiş məhkumlar deyil.

Şəklin mənbəyi, Getty Images
2022-ci ildə yüz minlərlə ehtiyatda olan hərbçi xidmətə çağırılarkən, Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi hissələrə gəldikləri zaman "yoluxucu xəstəlikləri, habelə səfərbərliyə mane olan xəsarət və xəstəlikləri istisna etmək məqsədilə" onların tibbi müayinədən keçirilməsini tələb edən müharibə dövrü təlimatı dərc etmişdi.
Yalnız bu müayinə zamanı "yararsızlıq" aşkar edilərdisə, onlar tam tibbi komissiya tərəfindən müayinə olunmalı idilər.
Məhkəmə sənədlərində ehtiyatda olan hərbçi Dmitri Yelkin bildirir ki, onun xidmətə yararlı olduğu yalnız 11 il əvvəlki tibbi sənədlərinə əsasən müəyyən edilib – onun hazırkı sağlamlıq vəziyyəti lazımi qaydada qiymətləndirilməyib.
2023-cü ilin iyun ayında həmin dövrdə müdafiə nazirinin müavini olan Timur İvanov tərəfindən imzalanmış digər bir təlimatda qeyd olunurdu ki, xəstəxanadan buraxılan və ya xəstəlik məzuniyyətindən qayıdan əsgərlərin yararlı, yararsız və ya məhdud yararlı olmasını tam tibbi komissiya deyil, hərbi hissənin növbətçi həkimi və ya hətta feldşeri qiymətləndirəcək.
Bu gün məhkumlar, tələbələr arasında, o cümlədən xaricdə aparılan işə qəbul kampaniyalarına və təklif olunan yüksək əməkhaqqına baxmayaraq, bir neçə müstəqil Rusiya nəşri xidmətə qoşulmaq istəyənlərin sayının azaldığını bildirir.
Həmçinin döyüş meydanında həlak olanların və yaralananların sayı artmaqda davam edir.

Şəklin mənbəyi, SOPA Images/LightRocket via Getty Images
BBC News Rusca münaqişə zamanı həlak olmuş 233 200 əsgərin şəxsiyyətini müəyyənləşdirib və adlarını açıqlayıb.
2026-cı ilin may ayında isə Böyük Britaniyanın kəşfiyyat agentliyinin - Hökumət Rabitə Mərkəzinin (GCHQ) rəhbəri bildirib ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğala başlamasından bəri ümumilikdə 500 000-ə yaxın rusiyalı əsgər həlak olub.
İndi yaralı əsgərlərin hüquqi müraciətlərinin artması fonunda Rusiya Federasiyasının Müdafiə Nazirliyi öz müharibə dövrü təlimatlarını daimi qanuna çevirməyi təklif edib.
Çağırışçılara, müqaviləli əsgərlərə və səfərbər olunmuş heyətə kömək edən "Vicdana Çağırış" koalisiyasının hüquqşünası bildirir:
"Əslində onlar hərbi-tibbi komissiyanı sadə tibbi müayinə ilə əvəz etmək istəyirlər". Bu isə Rusiyanın öz ordusunu uzunmüddətli dövr üçün komplektləşdirməyə çalışdığını göstərir.
Adının açıqlanmaması şərtilə BBC News Rusca-ya danışan hüquqşünas qeyd edir:
"Bu o deməkdir ki, onlar artıq müvəqqəti tədbirlər kimi nəzərdən keçirilmir. Onlar daha uzun illər bu şəkildə döyüşməyə hazırlaşırlar".
BBC News Ruscaya təklif olunan qanunvericilik və əsgərlərin müvafiq tibbi müayinələrdən imtina edilməsi ilə bağlı şikayətləri barədə şərh almaq üçün Rusiya Federasiyasının Müdafiə Nazirliyinə müraciət etsə də, cavab almayıb.


























