Saça qulluq: Şampun saçları həqiqətən bərpa edə bilərmi?

    • Müəllif, Emily Holt & Yasmin Rufo
    • Vəzifə, BBC News
  • Çap edildi
  • Oxuma vaxtı: 4 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Hər kəs sağlam görünən və sağlam hiss etdirən saçlar arzulayır. Bəziləri üçün bu, parlaq, dalğavari, digərləri üçün isə dolğun buruq tellər və ya hamarlanmış saçlardır.

Saç baxımı məhsulları nəhəng bir sənaye yaradır.

Yalnız Böyük Britaniyada bu sektorun dəyəri 5,8 milyard funt sterlinqdir və burada saysız-hesabsız məhsullar, trendlər və TikTok məsləhətləri var.

Təbii ki, yanlış məlumatlar və əsassız tövsiyələr də ortalıqda çoxdur.

Həqiqət isə budur ki, sağlam saçlara sahib olmaq nə böyük sərvət xərcləmək, nə də mürəkkəb qaydalar izləmək deməkdir: sadəcə sadə, amma düzgün addımları atmaq kifayətdir.

UK Hair Consultants-dan Eva Proudman və Hair and Scalp Clinic-dən Tracey Walker saç baxımı haqqında ən çox yayılan dörd mifi təkzib edir.

1. Soyuq su saçınızı daha parlaq etmir

Parlaq saçlara sahib olmaq üçün heç buz kimi duş qəbul etdiyiniz olubmu?

Artıq bunu etməyə ehtiyac yoxdur. Proudman deyir ki, soyuq suyun saçın parlaqlığına heç bir təsiri yoxdur:

"Buz kimi su ilə saçınızı yumaq tamamilə mənasız və lazımsızdır. Əsas məsələ saçınızı kimyəvi maddələrdən, yüksək temperaturdan və ətraf mühitin təsirlərindən necə qorumağınızdır".

Yəni çox isti su ilə saç yumaqdan da çəkinməlisiniz, çünki bu, saçları qurudur və baş dərisini də eynilə dəri kimi yandıra bilər.

2. Zədələnmiş saçı heç bir məhsul bərpa edə bilməz.

Əgər saçdakı qırılmış ucları bərbərə getmədən düzəltməyi ümid edirsinizsə, bu mövzuda saç kəsməyin yeganə həll yolu olduğunu öyrənmək sizi məyus edə bilər.

Proudman izah edir ki, saçdakı qırılmış bir uc, sanki corabın sökülməsinə bənzəyir: onu təmir etməyin heç bir yolu yoxdur.

Valker belə deyir:

"Qırılmış bir saçı düşünün və mikroskop altında baxın: elə bil saçda iki ya da üç çəngəl varmış kimi görünür.

Bazardakı məhsullar isə saçı müvəqqəti olaraq birləşdirərək daha yaxşı görünməsini təmin edən bir növ "yapışdırıcı" kimi fəaliyyət göstərir".

O, bunların müvəqqəti həll olduğunu vurğulayır və bu cür məhsullara çox pul xərcləməmək barədə xəbərdarlıq edir.

Proudman həmçinin bildirir ki, saçınızı kəsmək onun daha tez uzanmasını təmin etmir.

"Saçın daha sürətlə uzanmasını təmin etmək mümkün deyil; buna görə də bunu vəd edən hər hansı məhsul sadəcə yalan danışır".

3. Saçınız öz-özünə təmizlənmir

Bəlkə də siz "saçlarını öz-özünə təmizlənməyə öyrətdiyini" və buna görə də onları az-az və ya heç yumağa ehtiyac duymadığını deyən biri ilə rastlaşmısınız.

Ancaq Proudman xəbərdarlıq edir ki, bu saç üçün qətiyyən faydalı deyil:

"Baş dərinizdə təxminən 180 min yağ vəzisi var və saç mütəmadi yuyulmazsa, bu vəzilər kir və qalıqları toplayır".

Valker də eyni fikirdədir və bunu belə izah edir:

"Necə ki, paltarınızdakı yağ və kir izini təkcə su ilə təmizləyə bilmirsiniz, saçlar üçün də şampun eyni işi görür".

Saçların müntəzəm yuyulmaması təkcə pis qoxuya deyil, həm də kəpək və digər baş dərisi problemlərinin pisləşməsinə səbəb ola bilər.

Çünki yağlı saç göbələk və bakteriyaların çoxalmasına şərait yaradır, bu da qaşıntı və qızartı ilə nəticələnə bilər.

Proudman məsləhət görür ki, saçınız çox yağlıdırsa və ya çox məhsul istifadə edirsinizsə, saçınızı iki gündə bir dəfə yuyun.

Huddersfield Universitetinin Farmasevtik Analiz professoru Laura Vaters isə əlavə edir ki, çox yağlı saçlar daha güclü təmizləmədən, daha quru saçlar isə sülfatsız şampunlardan faydalana bilər, çünki onlar saçdakı təbii yağı tamamilə aradan qaldırmır.

5. Quru şampun saç yumağın yerini tutmur

Saçı təmiz yumaq, fen və formaverilmə üçün hər zaman vaxt tapmaq mümkün olmur.

Bu səbəbdən bir çox insan iş, idman və sosial planlar arasında saç köklərindəki yağlılığı aradan qaldırmaq və duşa girmədən saçlarını "yeniləmək" üçün quru şampuna müraciət edir.

Proudman deyir:

"Quru şampun çox yaxşı bir vasitədir, amma onu yalnız saç yuyulmaları arasında bir dəfə istifadə etmək lazımdır".

Problem onu ardıcıl bir neçə gün istifadə etdikdə yaranır.

"Baş dərisinin təbii yağı quru şampunla qarışır və göbələklər bu qarışıqdan qidalanır. Nəticədə qaşıntılı və qabıqlı baş dərisi problemi yarana bilər".

Sonda o belə bir tövsiyə verir:

"Saç dərinizə, üzünüzə necə qulluq edirsinizsə elə baxın. Necə ki, makiyaj etməzdən əvvəl üzünüzü təmizləyirsiniz, eyni qayğı saç dəriniz üçün də keçərlidir".