You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Xəyala dalmaq nə vaxt narahatlıq yaradır?
- Müəllif, Molly Gorman
- Vəzifə, BBC Future
- Çap edildi
- Oxuma vaxtı: 7 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
ABŞ-da yaşayan psixiatr və araşdırmaçı Kolin Ross ilə danışdıqda ona çox canlı və axıcı xəyallar qurduğumu, özümü ağlada bildiyimi və ya qəhqəhə çəkə bildiyimi danışdım.
Həmçinin, xəyalara daldığım yerdə istədiyim vaxt buna son verə bildiyimi və bunlardan zövq aldığımı da söylədim.
O, mənim "istedadımdan" təsirləndiyini bildirdi və aktyorluğu düşünməyimi tövsiyə etdi.
Bundan tam əmin ola bilmədim, lakin komplimenti məmnuniyyətlə qəbul etdim.
Bəs, əgər bu içinə qapandığın xəyal dünyasından çıxa bilmirsənsə?
Bu vəziyyət həddindən artıq xəyal qurma narahatlığı olaraq təyin olunur.
Bu şəxslər, adətən, oyaq olduqları saatların yarısından çoxunu ağıllarında süjetlər və personajlarla ətraflı və mürəkkəb fantaziyalar yaradaraq keçirirlər.
Ross, ifrat hallarda insanların gündə 12 saata qədər xəyal qura biləcəyini söyləyir.
Yaratdıqları hekayələrin süjet xətti onilliklərlə davam edə bilir.
Qulağa ilhamverici gələ bilər, lakin bu insanlar daxili dünyalarına o qədər qapanıblar ki, bu vəziyyət gündəlik həyatlarında böyük axsamalara və ciddi problemlərə yol aça bilir.
Bu, göründüyü qədər nadir bir hal deyil.
Ross "Yetkin əhalinin təxminən 2-4 faizində görülür" deyir.
Bəs, xəyal qurmağınızın bir problemə çevrilib-çevrilmədiyini necə anlamaq olar? Və bunu necə müalicə edə bilərsiniz?
Xəyal qurma sizi "tamamilə içinə çəkən" hala gələ bilər
İlk növbədə, xəyal qurmaq mahiyyəti etibarilə pis deyil. Tam əksinə, olduqca faydalıdır.
Ross "Heç xəyal qurmursunuzsa, sizə yazığım gəlir" deyir .
Xəyal qurmaq, demək olar ki, hər kəsin etdiyi normal bir zehni fəaliyyət olaraq qəbul edilir.
Araşdırmaçılar keçirdikləri sorğular əsasında oyaq ikən zehni fəaliyyətimizin 30-50 faizinin o anda etdiyimiz işlə əlaqəsi olmayan düşüncələrlə keçdiyini təxmin edirlər.
Xəyal qurmaq, sadəcə, emosional tənzimləməyə, empatiyaya və yaradıcılığa fayda verməklə qalmır, eyni zamanda darıxmağı da aradan qaldıra bilir. İnsanların həyat təcrübələrində məna tapmalarına kömək edə bilər.
Lakin Rossun dediyi kimi, həddindən artıq xəyal qurma sizi "tamamilə içinə çəkən" bir hala gələ bilər.
"Əziyyətə səbəb olar və işi tamamlamaq qabiliyyətinizi itirərsiniz, lakin asılılıq yaratması ucbatından bunu etməyə davam edərsiniz".
Məhz bu vəziyyət xəyal qurmağı narahatedici bir vəziyyətə çevirir.
Həddindən artıq xəyal qurma pozuntusu yaşayanlar, xəyallarından, nəhayət xilas olduqlarında, fantaziyalarını mənasız və vaxt itkisi kimi qəbul etmək meylində olurlar.
Lakin onun asılılıq yaradan təbiəti bu dövrünün davam etməsi deməkdir və bu, qırılması çətin olan bir dövrdür.
Kyla Borcherds-in təcrübəsini nümunə götürək. O, dörd yaşından etibarən beynində "başqa dünyalar" yaratdığını danışır.
Bu vəziyyət, yeni bir məktəbə başlamasından sonra bəzi uşaqların onun ləhcəsinə lağ etməsi ilə daha da intensivləşir. Xəyallar onun "təhlükəsiz zonasına" çevrilir.
"Heç kim mənə lağ etmirdi və insanlar məni sevirdi" deyir.
Borcherds-in xəyalları saatlarla davam edən bir aludəçiliyə çevrildi.
"Bu, eynilə insanların şokolad yemək və ya sosial şəbəkələrdə vaxt keçirmək istəyi kimi həqiqətən çox güclü bir istək idi", - o deyir.
Bax, sağlam bir davranışın zərərli hala gələ biləcəyi nöqtə burasıdır.
İsraildəki Hayfa Universitetinin təqaüddə olan klinik psixologiya professoru Eli Somer "Problem, fərd artıq fantaziyanı idarə edə bilmədikdə və fantaziya fərdi idarə etməyə başladıqda ortaya çıxır" deyir.
"Həddindən artıq xəyal qurma" terminini ortaya atan Somer bu narahatlığı 20 ildən artıqdır ki, araşdırır.
Həddindən artıq xəyal qurma, adətən, musiqi dinləmək və ya irəli-geri addımlamaq kimi təkrarlanan fiziki fəaliyyətlər vasitəsilə mümkün olur və davam etdirilir.
İnsanların təxminən 80 faizi xəyal qurarkən konsentrasiyalarını qorumaq üçün şüursuz fiziki hərəkətlərdən istifadə edir.
Borcherds üçün bu, saatlarla konkiləri ilə irəli-geri sürüşmək və ya divara top çırpmaq demək idi.
Xəyal qurmağa sərf olunan vaxt səbəbindən, hədsiz xəyal qurma problemi olanlar təbii olaraq sosial mühitlərdən və ya münasibətlərdən uzaqlaşır və təcrid olunurlar. Bu da utanc və peşmanlığa yol açır.
"Heç vaxt vəzifədə yüksəlməyə çalışmadım"
Borcherds, karyerasının ilk mərhələlərində xəyal qurmağın onu geridə qoymağa başladığını fərq etdi.
"Heç bir motivasiyam yox idi. Niyə işdə vəzifə qazanmaq üçün bu qədər vaxt və enerji sərf edim ki? Mən bunu hazırda xəyal dünyamda heç bir səy göstərmədən əldə edə bilirəm və bu, reallığın 95 faizi qədər yaxşıdır" deyir.
"40 yaşlarımda hələ də başlanğıc səviyyəli işlərdə çalışırdım, çünki heç vaxt vəzifədə yüksəlməyə çalışmamışdım".
Bu, məntiqlidir. Klinik psixoloq və Beynəlxalq Həddindən artıq Xəyal Qurma Dərnəyinin araşdırma direktoru Vanda Fişera "Ən sevdiyiniz serialı xəyal edin, amma baş rolda sizsiniz. İndiki həyatınız o qədər də həyəcanlı deyilsə, bundan necə imtina edə bilərsiniz?" deyir.
Şəxsin qarşılanmamış emosional ehtiyacları varsa, hədsiz xəyal qurma insanlara bu ehtiyaclarının qarşılandığını hiss etmək üçün bir fürsət təqdim edir.
Məsələn, hədsiz xəyalpərəstlər, adətən, xəyallarında güclü bir varlıq hissinə sahib olurlar və tez-tez sevilən şəxslər və ya qəhrəmanlar kimi təsvir edilirlər.
Soyadını gizli saxlamaq istəyən Mariya, tez-tez insanların ona baxdığı bir səhnədə olduğunu, uğurlu və tanınmış olduğunu xəyal edirdi.
Fişera bu vəziyyətin uyğunlaşma qabiliyyəti olmayan xəyalpərəstlərin "bəlkə də olduğum kimi kifayət qədər yaxşı deyiləm, ya da insanlar məni olduğum kimi sevmir və ya real mənliyimi göstərə bilmirəm" şəklində bir utanc hissinə sahib olmalarından qaynaqlana biləcəyini söyləyir.
"Xəyallar həmişə əlaqələrlə doludur. Bu, tənhalığı azaltmaq üçün nə qədər böyük ehtiyac olduğunu göstərir".
Mariya uşaq ikən tənhalıq hiss etdiyini etiraf edir. Uşaq vaxtı xəyallara dalmağı asanlaşdırmaq üçün saatlarla musiqi dinləyərkən irəli-geri yırğalanırdı.
Yaşadığı vəziyyət üçün "Bir növ paralel dünya" tərifini verir.
Valideynləri və müəllimləri onun bu mübarizəsinin mahiyyətini anlamaqda aciz qalmışdılar.
"Çox narahatedici vəziyyət idi, bu səbəbdən dərs oxuya bilmirdim və insanlar avtomatik olaraq dərs oxumaq istəmədiyimi və ya tənbəl olduğumu düşünürdülər".
Mariya bəziləri uydurma, bəziləri isə real insanlardan uyğunlaşdırılmış müxtəlif hekayələr və personajlar uydururdu və birinə bir il boyunca bağlı qala bilirdi.
İndi "10 filmə kifayət edəcək qədər hekayəm var" deyir.
Bir xəyal qurmağı bitirdikdə, gördüklərini yazmaq kimi bir fəaliyyətə də yönəlmirdi. Vaxtı boşa verdiyini düşünürdü.
Bir çoxları kimi, Mariya da yetkinlik yaşında hədsiz xəyal qurma haqqında oxudu və tək olmadığını bilmək ona bir rahatlıq gətirdi.
"Bəlkə də qəribə biri olduğum düşüncəsi ilə böyüdüm", - o deyir.
Niyə müəyyən insanlar bundan təsirlənir?
Həddindən artıq xəyal qurma müxtəlif risk faktorları ilə əlaqələndirilir.
Məsələn, bəzi araşdırmalar hədsiz xəyal qurmağı diqqətdən kənarda qalma , emosional istismar və bağlanma problemləri kimi uşaqlıq travmaları ilə əlaqələndirib. Bu şəxslər ağrılı xatirələrdən və duyğulardan qaçmaq üçün həddindən artıq xəyal qurmadan istifadə edirlər.
Bundan əlavə, neyromüxtəliflikdən qaynaqlanan çətinliklərin öhdəsindən gəlməyin bir yolu da ola bilər.
Autizm spektr pozuntusu diaqnozu qoyulmuş 235 yetkin insan üzərində aparılan bir araşdırmada, onların 43 faizi davamlı xəyal qurma təcrübələri yaşadıqlarını bildirildi və bu təcrübələrin tənhalıq və emosional idarəetmə çətinlikləri ilə sıx bağlı olduğu güman edildi.
Digər araşdırmalar, dissosiativ və kompulsiv pozuntular, depressiya və təşviş ilə güclü əlaqələr və ya bənzər koqnitiv xüsusiyyətlər müəyyən edib.
Borcherds-ə 18 yaşında depressiya diaqnozu qoyuldu.
"Problem depressiya idi və mən də real həyatdan qoparaq bununla mübarizə aparmağa çalışdım" deyir.
40 yaşlarında olarkən, depressiya müalicəsi üçün bir ay psixiatriya klinikasında qaldı və nəhayət ehtiyacı olan köməyi aldığını hiss etdi.
Bu, eyni zamanda onun xəyal qurma üzərindəki nəzarətini yenidən qazanması üçün bir dönüş nöqtəsi oldu. Xəyalları daha yaradıcı və zövqlü bir hala gəldi və artıq bu məcburi istəyi hiss etmirdi.
Mariyaya hər hansı bir psixi sağlamlıq problemi diaqnozu qoyulmayıb, lakin ona kömək edən mütəxəssis bir terapevti var.
Somer "Diqqət pozuntusunda həddindən artıq fantaziya kənardan diqqətsizlik kimi görünə bildiyindən, üst-üstə düşmə xüsusilə vacibdir. Obsessiv-kompulsiv pozuntuda isə, müdaxiləedicilik, kompulsivlik və qopmaqda çətinlik kimi ortaq xüsusiyyətlər var" deyir.
Bəs, həddən artıq xəyal qurma, real həyatla mübarizə aparmağınıza kömək edən bir strategiyadır, yoxsa sizi real həyatdan və real şəxsiyyətinizdən qoparan bir dissosiativ pozuntudur?
Somerə görə, sübutlar bunun, adətən, hər ikisi olduğunu göstərir.
"Bir çox insan üçün həddən artıq xəyal qurma, xüsusilə tənhalıq, stres, travma qaynaqlı sıxıntı və ya qarşılanmamış emosional ehtiyaclar üçün bir mübarizə strategiyası olaraq başlayır. Lakin bir alt qrupda, xroniki, kompulsiv, dissosiativ bir zehni funksiya modelinə çevrilir", - o deyir.
Bəs müalicə?
Somer və həmkarları tərəfindən klinik bir narahatlıq olaraq qəbul edilməsinə baxmayaraq, hədsiz xəyal qurmanın hələlik "Psixi Pozuntuların Diaqnostik və Statistik Rəhbəri"ndə və ya "Beynəlxalq Xəstəliklər Təsnifatı"nda tanınmadığını yadda saxlamaqda fayda var.
Həddindən artıq xəyal qurma halı üzərində hələlik böyük miqyaslı araşdırmalar yoxdur, lakin çox sayda kiçik seçmə araşdırmalar var.
Somer bunun da sübuta əsaslanan standart bir müalicənin yaradılmasına mane olduğunu söyləyir.
O, klinikada məqsədin, adətən, xəyal gücünü yox etmək deyil, xəyal qurma qabiliyyətinin həyatın yerini tutması əvəzinə ona xidmət edə bilməsi üçün seçim, çeviklik və nəzarəti yenidən qazandırmaq olduğunu əlavə edir.
Həddən artıq xəyal qurma və bununla necə mübarizə aparılacağı mövzusunda məlumatlı bir terapevt tapmaq olduqca çətin görünür.
Lakin xəyal qurmalarınız həyatınızı ələ keçirirsə, Fişera terapiyaya başlamazdan əvvəl bu strategiyaları sınamağı tövsiyə edir:
- Xəyal qurmağı və bunun nə qədər tez-tez baş verdiyini qeyd edin. Dörd saat xəyal qurursunuzsa, bu vaxtı başqa necə doldura bilərsiniz? Məsələn, yeni bir hobbiyə başlaya bilərsinizmi?
- Beyninizi məşq etdirmək üçün diqqətli olun. Dopamin ifraz etmək üçün qısa kitablar əvəzinə uzun kitablar oxuyun və həzm edin.
- Sizə təsir edən amilləri bilin. Məsələn, musiqi dinləməyi dayandırın və bunun əvəzinə podkastlara keçin və ya tək qaldığınız müddəti azaldın.
Somer "Bir pasiyentim pişiyi otaqda olanda xəyal qura bilmədiyini söyləyir, buna görə də pişik həmişə otaqdadır" deyir.
Fişera hədsiz xəyal qurma vərdişindən xilas olmağın çətin bir səyahət ola biləcəyini, lakin bunun öhdəsindən gəlinə biləcəyini söyləyir.
Məsələn, Mariya yazmaqdan zövq aldığını və hədsiz xəyal qurmaq əvəzinə hekayələr yazmağa başladı.
Borcherds-in də artıq xəyal qurma ilə müsbət bir əlaqəsi var.
Hətta o, MD (Maladaptive Daydreaming) xəstələri üçün həftəlik 18 min ziyarətçisi olan və getdikcə daha çox insanın bu narahatlığa sahib olduğundan şübhələndiyi bir Reddit icmasını idarə edir.
Borcherds MD ilə mübarizə aparan hər kəsə "Bu, sonsuza qədər davam etmək məcburiyyətində deyil" deyir.
"Başınızda hekayələrin olması problem deyil. Bu hekayələrdən asılı olmaq problemdir. Və sosial şəbəkələrdə demək olar ki, hər kəsin gözündən qaçırdığı fərq də məhz budur".