Qaynar içkilər qida borusuna zərər verə və xərçəng riskini artıra bilər

Iki qadın əli, fincana çay süzülür.

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Michelle Roberts
    • Vəzifə, BBC sağlamlıq redaktoru
  • Çap edildi
  • Oxuma vaxtı: 3 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Mütəmadi olaraq çay və qəhvə kimi içkiləri çox isti halda içmək qida borusu xərçəngi riskini artırır, Böyük Britaniyada aparılmış bir araşdırma bunu göstərir.

Tədqiqatçılar bildirirlər ki, təxminən bir milyon insanı əhatə edən araşdırmanın nəticələri bu əlaqəni təsdiqləyən indiyədək ən genişmiqyaslı tədqiqat hesab olunur.

Araşdırmaya görə, içkilərini "çox isti" halda qəbul edən insanların qida borusu xərçənginə tutulma riski çay və ya qəhvəni "isti" temperaturda içənlərlə müqayisədə təxminən üç dəfə yüksək olub.

Bununla belə, ekspertlər vurğulayırlar ki, ümumilikdə bu xərçəng növünün yaranma ehtimalı aşağı olaraq qalır.

Qaynar maye mədəyə doğru hərəkət edərkən qida borusunun daxili hüceyrə qişasına zərər vura bilər.

Qaynar içkilər

Oksford Universitetinin apardığı və International Journal of Cancer jurnalında dərc olunan araşdırmaya görə, temperaturu 65°C və ya daha yüksək olan bütün içkilər "çox isti" hesab edilir və potensial sağlamlıq riski daşıyır.

Tədqiqatın nəticələri göstərir ki, gündə altı və ya daha çox isti içki qəbul etmək də riski artırır. Araşdırma 975 mindən çox orta yaşlı kişi və qadının məlumatları əsasında aparılıb.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Tədqiqatçılar bildirirlər ki, içkiyə süd əlavə etmək onun temperaturunu müəyyən qədər aşağı salsa da, südlü çay və ya qəhvə belə sağlamlıq üçün təhlükəli dərəcədə isti qala bilər.

Tam qaynamış çaydandan dərhal sonra hazırlanan çayın temperaturu qaynama nöqtəsinə, yəni 100°C-yə yaxın olur. İçki fincana töküldükdən sonra isə temperatur təxminən 90-95°C-yə qədər enir.

Mütəxəssislər tövsiyə edirlər ki, içkini qəbul etməzdən əvvəl bir neçə dəqiqə onun daha təhlükəsiz temperatura qədər soyumasını gözləmək lazımdır.

Cancer Research UK təşkilatı bildirir ki, isti içkinin nə qədər müddətdə soyuması ilə bağlı dəqiq vaxt göstərmək çətindir.

Qurumun açıqlamasında deyilir: "Əgər narahatsınızsa, içkini çox isti halda deyil, içmək üçün rahat temperatura çatdıqdan sonra qəbul etməyinizi tövsiyə edərdik".

Araşdırmanın rəhbəri doktor Keren Papier qeyd edib ki, əvvəllər Cənubi Amerikada aparılan tədqiqatlar da çox isti halda qəbul edilən "mate" adlı bitki mənşəli içki ilə qida borusu xərçəngi arasında oxşar əlaqə aşkar edib.

Onun sözlərinə görə, riskin hansı temperaturdan etibarən artdığını dəqiq müəyyən etmək üçün əlavə araşdırmalara ehtiyac var.

Ayrı bir tədqiqatda müxtəlif növ qara qəhvələrin temperaturunu qiymətləndirən 118 gənc iştirakçının əksəriyyəti içkinin yalnız 70°C və ya daha yüksək olduqda həddindən artıq isti olduğunu bildirib.

Bir qəhvə qabı istehsalçısının məlumatına görə, yolda içilmək üçün hazırlanan isti qəhvə üçün ideal temperatur 49-60°C aralığındadır.

Müştərinin xüsusi istəyi ilə qəhvənin daha uzun müddət isti qalması nəzərdə tutulduqda isə içki 82°C-dən yuxarı temperaturda təqdim oluna bilər, MTPak Coffee bildirir.

Ümumi risk aşağıdır

Tədqiqatçılar hesab edirlər ki, insanlar çox isti olan içkilərdən imtina etsələr, qida borusu xərçəngi hallarının təxminən hər 10 hadisəsindən 1-2-si qarşısı alına bilər.

Qida borusunun yastıhüceyrəli xərçəngi nadir xəstəlik sayılır və hər il yalnız bir neçə min nəfərdə qeydə alınır.

Böyük Britaniyada əhalinin təxminən 1 faizinin həyatının hansısa mərhələsində bu növ xərçəng diaqnozu alma riski var.

Bu səbəbdən, qaynar içkilər riski artıra bilsə də, xəstəliyin yaranma ehtimalı ümumilikdə aşağı olaraq qalır.

Mütəxəssislər vurğulayırlar ki, siqaret çəkmək kimi digər amillər qida borusu xərçəngi üçün daha ciddi risk faktorlarıdır.

Araşdırmanı maliyyələşdirən Cancer Research UK təşkilatının nümayəndəsi Fiona Osgun bildirib: "Bu xərçəng növünün riskini azaltmağın ən vacib yolları siqaret çəkməmək və alkoqol istifadəsini azaltmaqdır".

Qida borusu xərçənginin əlamətlərinə ürək yanğısı, həzm pozğunluğu, boğaz və ya sinə nahiyəsində ağrı, eləcə də səbəbsiz çəki itkisi aid edilə bilər.