Uels, Şotlandiya və Şimali İrlandiya liderləri: "Mərkəzi hökumət erası bitir"

Şəklin mənbəyi, Getty Images
- Müəllif, David Deans
- Müəllif, Cemlyn Davies
- Çap edildi
- Oxuma vaxtı: 5 dəq
Uels, Şotlandiya və Şimali İrlandiyanın muxtar hökumətlərinin başçıları İngiltərənin də daxil olduğu Birləşmiş Krallıqda Londondakı mərkəzi hökuməti ifadə edən "Vestminster"in səlahiyyət ötürülməsinin başa çatdığını" və Birləşmiş Krallıq hökumətinin konstitusiya dəyişikliklərinə "hazırlaşmalı" olduğunu bəyan ediblər.
Ölkələrinin Birləşmiş Krallıqdan ayrılmasını istəyən Uelsdən "Plaid Cymru", Şimali İrlandiyadan "Sinn Fein" və Şotlandiyanın Milli Partiyasından (SNP) olan milliyyətçi liderlər sentyabrın 14-ü bazar günü imzaladıqları sazişdə mərkəzi hökumətin "demokratiyaya mane olmaq" hüququna malik olmadığını bildiriblər.
Şotlandiyanın Baş naziri John Swinney və Şimali İrlandiyanın Baş naziri Michelle O'Neill-lə birgə mətbuat konfransında referenduma çağırış edib, Uelsin Baş naziri Rhun ap Lorwerth isə ölkəsində referendum üçün hər hansı vaxt cədvəli verməkdən yayınıb.
Leyborist partiyası "Plaid"i öz gücünü "Britaniyanı parçalamaq" üçün istifadə etmək istəməkdə ittiham edib.
Muxtariyyət prosesinin başlanmasından bəri ilk dəfədir ki, Uels, Şotlandiya və Şimali İrlandiyanın baş nazirlərinin hamısı Birləşmiş Krallıqdan ayrılmaq istəyir.
Üç lider partiyalarının nümayəndələri qismində bazar ertəsi günü bir araya gəliblər. "Sinn Fein" lideri Mary Lou McDonald da toplantıya qatılıb.
Anlaşma memorandumunda aşağıdakı ifadələrə yer verilib: "Bu adalarda baş verənləri izləyənlər üçün – dünyanın dörd bir yanında baş verənləri izləyənlər üçün – Vestminster dövrünün başa çatmaqda olduğunun bundan daha açıq işarəsi ola bilməzdi".
"Heç bir Vestminster hökumətinin demokratiyaya mane olmaq və ya xalqımızın öz gələcəyinə qərar verəcəyi prinsipini zədələmək hüququ yoxdur".
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
"Partiyalarımızın fərqli konstitusiya baxışlarına malik olduğunu və hər bir millətin öz gələcəyini öz üsulları ilə və öz zamanında müəyyən edəcəyini qəbul edirik".
Uelsin milliyyətçi "Plaid" partiyasının sözçüsü toplantıdan əvvəl verdiyi açıqlamada "bu adalardakı dəyişən siyasi mühitin" enerji, iqtisadiyyat və Avropa ilə işləmək kimi sahələrdə "praktiki siyasi əməkdaşlıq" üçün güclü zəmin yaratdığını bildirib.
Açıqlamada bunun, eyni zamanda "ölkələrimizin üzləşdiyi daha geniş siyasi və konstitusiya suallarını və öz müqəddəratını təyinetmə hüququnu" da əhatə etdiyi qeyd olunub.
Uelsin Baş naziri may ayındakı Uels seçkilərinin "Uels üçün dönüş nöqtəsi" olduğunu və "Vestminster modelinin artıq işləmədiyinə dair artan dərketmənin" mövcud olduğunu söyləyib.
"Plaid" daha əvvəl 2030-cu ildə keçiriləcək növbəti Uels Parlamenti (Senedd) seçkilərindən əvvəl müstəqillik referendumu ehtimalını rədd etmişdi.
Şotlandiya Milli Partiyasının (SNP) lideri Swinney bazar ertəsi səhər "Radio Wales Breakfast" verilişində bunun "Birləşmiş Krallıq üçün mühüm və dönüş nöqtəsi mahiyyəti daşıyan an" olduğunu və işlərin "əbədi olaraq dəyişdiyini" bildirib.

Şəklin mənbəyi, Getty Images
"Şotlandiya, Uels və İrlandiya xalqının öz müqəddəratını təyin etmək hüququ var. Onlar öz gələcəklərinə qərar vermək hüququna malikdirlər", - o deyib.
"Bugünkü müzakirələrimizin əsasında içində olduğumuz anın əhəmiyyətini dərk etmək dayanır", - o əlavə edib.
"Sinn Fein"in sədr müavini O'Neill İrlandiya adasının dörd bir yanındakı insanların maraqlarının "Vestminster"dəkilər tərəfindən heç vaxt nəzərə alınmadığını" söyləyib.
"Ancaq bu adaların hər yerində dəyişiklik baş verir və konstitusiya dəyişikliyi gəldikdə buna hazır olmalıyıq", – deyə o əlavə edib.
"Bu adalarda ilk dəfədir ki, üç milliyyətçi baş nazirin seçilməsi insanların Vestminsterin Şimali [İrlandiya], Şotlandiya və ya Uels xalqı üçün işləmədiyini gördüyünün açıq göstəricisidir".
"Sinn Fein"in sədri Mary Lou McDonald BBC Wales-ə verdiyi müsahibədə Uels, Şotlandiya və İrlandiyanın öz müqəddəratını təyinetmə yolunun fərqli olduğunu vurğulayaraq, mövcud abi-havanı "tarix yazılan zamanlar" kimi qiymətləndirib.
"Əlbəttə ki, fərqli milli hekayələrimiz var, lakin çox vacib bir ortaq nöqtəmiz mövcuddur; o da İrlandiyanın gələcəyinə İrlandiya xalqının, Şotlandiyanın gələcəyinə Şotlandiya xalqının və Uelsin gələcəyinə Uels xalqının qərar verməli olduğu məsələsindəki qəti təkidimizdir", – deyə o bildirib.
Bu danışıqlar Şotlandiyanın müstəqilliyi məsələsinin İcmalar Palatasında yenidən gündəmə gəlməsindən bir neçə gün sonra baş tutub.
Çərşənbə günü parlamentdə Baş nazirə suallar iclasında Andy Burnham ictimaiyyət tərəfindən açıq dəstək olacağı təqdirdə Şotlandiyada ikinci bir referandumun keçirilə biləcəyinə işarə edib.
Vəziyyəti Şimali İrlandiyadakı sərhəd səsverməsinin şərtləri ilə müqayisə edən rəsmi şəxs Xeyirli Cümə Sazişinin "ölkədə açıq fikir birliyi yarandıqda, ictimai rəy səsvermə çağırışının nəzərdən keçirilməli olduğu nöqtəyə gəldikdə hökumətin Şimali İrlandiya üzrə məsul naziri tərəfindən səsvermənin müzakirə olunacağını" açıq şəkildə müəyyənləşdirdiyini bildirib.
"Məncə, Şotlandiyada da vəziyyət tamamilə eynidir", – deyə o əlavə edib.
Swinney tonlardakı bu bariz yumşalmanı məmnuniyyətlə qarşılayıb, lakin Burnham Şotlandiyada başqa bir referendumun "qətiyyən söz mövzusu olmadığını" açıqlayıb.
2014-cü ilin sentyabrında keçirilən Şotlandiya müstəqillik referandumunda şotlandiyalı seçicilər 55%-ə qarşı 45%-lik fərqlə Birləşmiş Krallığın tərkibində qalmaq lehinə səs vermişdilər.

Şəklin mənbəyi, EPA
Ancaq Uelsdəki dinamika Şotlandiyadakından fərqlidir.
May ayındakı Uels parlamenti seçkilərindən sonra iqtidara gələn ilk Leyborist partiyasından olmayan baş nazir Rhun ap Lorwerth partiyasının hökumətdəki ilk dövründə Uelsin müstəqilliyi ilə bağlı referandum keçirilməsi üçün təzyiq göstərməkdən imtina edərək, məsələ ilə bağlı "milli müzakirə" başlatmaq istədiyini bildirib.
Onun hökuməti Uelsin müstəqilliyinə yönəlmiş gələcək planların "bünövrəsini qoymaq" məqsədilə milli komissiya yaratmağı hədəfləyir.
Bu arada, uelsli nazirlər daxili təhlükəsizlik və gənclərin mühakimə olunması ilə bağlı məsələlər də daxil olmaqla Uelsə əlavə səlahiyyətlərin verilməsini tələb edirlər.
Burnham bu fikrə "açıq" olduğunu söyləyib.
Şimali İrlandiyada baş nazir və baş nazir müavininin səlahiyyətləri və məsuliyyətləri eynidir və Birləşmiş Krallıqla birliyi müdafiə edən Demokratik Birlik Partiyasından (DUP) Emma Little-Pengelly baş nazir müavinidir.
Emma Little-Pengelly Baş nazir O'Neill-in bazar ertəsi baş tutan görüşlərdə iştirak etməsini tənqid edib.
Birləşmiş Krallıq hökuməti isə "Baş nazir Birləşmiş Krallığın dörd ölkəsinin hamısında dəyişiklik etməyə qərarlıdır və birliyə ürəkdən inanır" açıqlamasını verib.
Görüşlərdə muxtar bölgələrin İngiltərə hökuməti tərəfindən necə maliyyələşdiriləcəyi məsələsinin müzakirə olunacağı ehtimal edilir.
Uelsli nazirlər uzun müddətdir ki, Barnett maliyyələşdirmə formulunun Uelsi əlverişsiz vəziyyətə saldığını iddia edərək, bu formulun islah edilməsinə çağırış edirlər.
Lakin Şotlandiyanın bu formuldan faydalandığı müdafiə olunur.
Burnham baş nazir olmazdan əvvəl dəyişiklik üçün mübarizə aparmışdı, lakin Uelsə son səfəri zamanı islahatların mümkünlüyünü kiçiltdi.
Yerli özünüidaretmə liderləri gələn ay Baş nazir Burnham ilə görüşəcəklər.
Hökumətin Şimali İrlandiya üzrə məsul naziri Chris Bryant toplantını tənqid edərək "Plaid Cymru" bu gün Birləşmiş Krallığı parça-parça etməyə yönəlmiş işlər haqqında müzakirə aparmaq üçün toplaşır" deyib.
Uels Mühafizəkar Partiyasının lideri Darren Millar "Baş nazir müstəqillik xülyası əvəzinə, Uels Milli Səhiyyə Sistemini bürüyən böhrana və Uels məktəblərində aşağı düşən standartlara diqqət yetirməlidir" ifadəsini işlədib.
Nüfuzu yüksəlməkdə olan sağçı İslahat Partiyasının Uels mərkəzindən verilən açıqlamada Uels milliyyətçi partiyasının Şotlandiya və Şimali İrlandiya "separatçıları ilə görüşərək əsl üzünü göstərdiyi" qeyd olunub.
























