Azərbaycan CNN media şirkətini məhkəməyə verib

CNN

Şəklin mənbəyi, Getty

Çap edildi
Oxuma vaxtı: 2 dəq

Azərbaycan İran müharibəsi ilə bağlı reportajına görə CNN media şirkətinə qarşı məhkəmədə böhtan iddiası qaldırıb.

Bunu BBC Azərbaycancaya Azərbaycanı təmsil edən vəkillər bildirib.

CNN iyunun 5-də yaydığı məqalədə anonim mənbələrə istinadən bildirib ki, İranla müharibə zamanı İsrailin xüsusi təyinatlı və kəşfiyyat bölmələri Azərbaycan ərazisində fəaliyyət göstərib.

Məqalədə iddia olunur ki, onlar "kəşfiyyat toplama missiyaları və pilotsuz təyyarə əməliyyatlar" həyata keçirib.

CNN nümayəndəsi sonradan "Bloomberg Law" nəşrinə açıqlamasında bildirib ki, öz araşdırmasının arxasındadır.

Azərbaycan bu iddiaları qəti şəkildə rədd edir.

Vəkillər deyiblər ki, Azərbaycan rəsmiləri CNN-ə bu iddianın tamamilə yalan və əsassız olduğunu bildirmişdilər.

Məhkəməyə təqdim olunan sənəddə vurğulanıb ki, ölkə ərazisində xarici hərbi bazalar yoxdur. O da bildirilir ki, Azərbaycan öz ərazisinin qonşu və ya üçüncü dövlətlərə qarşı istifadə edilməsinə icazə vermir.

Rəsmi Bakı bildirir ki, CNN materialı dərc etməzdən əvvəl Azərbaycanın mövqeyini bilirdi, amma heç bir təsdiqlənə bilən sübut təqdim etmədən, anonim mənbələrə istinad edən material dərc edib.

Nəticədə Azərbaycanın nüfuzuna "ölçüyəgəlməz zərər" dəyib, regional təhlükəsizlik "qəsdən sarsıdılıb"və mülki insanların həyatı risk altına qoyulub, - vəkillər BBC-yə bildiriblər.

Azərbaycan CNN-in təkzib verməsini, materialı bütün rəqəmsal platformalardan silməsini və təzminat ödəməsini tələb edir, iddiamnamədə göstərilir.