Müğənni Fədayə Laçın qaçmış məhbuslarla bağlı həbs edilib

Fədayə Laçın

Şəklin mənbəyi, APA

Çap edildi

Azərbaycanda Fədayə Laçın adı ilə tanınmış müğənni Fədayə Məmmədova 3 ay müddətinə həbs edilib.

O, oktyabrın 23-də Bakı- Astara - Bakı qatarından qaçan məhbuslara yardım etməkdə ittiham olunur.

Baş Prokurorluğun sözçüsü Eldar Sultanov BBC Azərbaycancaya bildirib ki, müğənninin saxlanılması ilə bağlı Baş prokurorluq tərəfindən məhkəməyə müraciət olunub və istintaq davam etdirilir.

Nə baş verib?

Prokurorluğun məlumatına görə, Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakıya aparılan iki məhbus - 1980-ci il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Onlardan biri, Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulsa da, Məmmədov hələ də axtarılır.

İlkin istintaqda deyilir ki, qarovul heyəti tərəfindən Məmmədov və Ağamiyə münasibətdə "Həbs edilmiş şəxslərin müşayiət edilməsinə dair Qaydalar"ın tələblərinə riayət olunmadığından onlar qaça bilib.

Hadisəylə bağlı daha kimlər həbs edilib?

Bu hadisə ilə bağlı vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə bir neçə şəxs ya işdən çıxarılıb, ya da həbs ediliblər.

Baş Prokurorluq bildirib ki, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Bundan başqa, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və onun yardımçıları - Fuad Hacıyev və Tural Platxanov işdən xaric edilməklə həbs edilib. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda maddəsi ilə ittiham olunur.

Məhbuslara qarşı Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma maddəsi ilə də cinayət işi açılıb.