İsti havalarda necə qidalanmalıyıq? 3 tövsiyə

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Philippa Roxby
- Vəzifə, BBC
- Çap edildi
- Oxuma vaxtı: 4 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Havanın temperaturunun 30°C-ni aşdığı dövrlərdə insanların etmək istəyəcəyi son şey sobanı yandırmaq olar.
İsti havalarda yemək bişirmək əziyyət kimi gələ bilər, üstəlik bir çoxumuz özümüzü ac hiss etmərik.
Bəs belə dövrlərdə qidalanma vərdişlərimizi dəyişməliyikmi?
İstidən bezdiyiniz zaman nəzərə almalı olduğunuz üç məqam:
1. Zülal qəbulu barədə narahat olmayın

Şəklin mənbəyi, Arx0nt
Oxford Brookes Universitetinin qidalanma üzrə baş müəllimi Eysling Deyli: "İsti hava dalğasında daha çox zülala ehtiyac yoxdur", - deyir.
Lakin istəsəniz belə, ən çox yayılmış zülal mənbələrindən bəzilərinin (ət, toyuq və balıq kimi) bişirilməyə ehtiyacı olacaq ki, bu da istidə narahatlıq yarada bilər.
Hətta açıq havada manqal etmək də çox isti ola bilər.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
"Air fryer" burada köməyə çata bilər.
BBC Radio 4-ün 'Sliced Bread' verilişinə görə, bu masaüstü cihazda toyuq budunun bişirilməsi ənənəvi sobaya nəzərən yarıdan daha az enerji sərf edir.
Üstəlik, daha kiçik və sürətli olduqları üçün mətbəxə daha az istilik yayırlar.
Lakin mütəxəssislər bildirir ki, daha az məşhur olan "yavaş bişirən" cihazlar daha uzun müddət işləsə də, enerji baxımından, adətən, daha qənaətcildir və "Air fryer"dən də az istilik yayır.
Əslində, sadəcə, zülal yeyib həzm etməklə belə, bədənimiz digər qida qrupları ilə müqayisədə daha çox istilik ayırır.
Bunun səbəbi mədə, bağırsaq və qaraciyərin bu mürəkkəb molekulları parçalamaq və mənimsəmək üçün enerjiyə ehtiyac duymasıdır.
Yəni, ürəyinizin istədiyi o bifsşteks belə, sizi tərlədə bilər.
Lakin zülal ehtiyacınızı mərci, çərəzlər, süd, tofu və pendirlə də ödəyə bilərsiniz.
Bədən temperaturunu aşağı salarkən zülal ehtiyacınızı da ödəmək üçün Dr. Deyli lobya salatı, yumurta, əvvəlcədən bişirilmiş ətlər və bol miqdarda qatıq (dondurulmuş da daxil olmaqla) kimi qidalara üstünlük verməyi məsləhət görür.
Meyvə, tərəvəz və qatıq ilə (zülal üçün fıstıq əzməsi də əlavə edərək) hazırlanan smuzi, asan yolla balanslı və bəsləyici bir yemək təmin edə bilər.
Həmçinin tuna balığı, qızılbalıq və ya krevetka kimi daha yüngül dəniz məhsullarına yönəlmək üçün də daha yaxşı vaxt ola bilər.
2. Suyu yalnız içməyin, eyni zamanda "yeyin"
Hava isti olduqda tər vasitəsilə su itiririk, buna görə də itirdiyimiz suyu bərpa etməliyik, əks halda susuzlaşarıq.
Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) normalda gündə altı-səkkiz stəkan maye qəbul etməyi tövsiyə edir. İsti hava dalğası zamanı isə bundan daha çoxuna ehtiyacınız ola bilər.
Reading Universitetinin qida və qidalanma üzrə alimi Dr. Şarlott Milz: "Hər kəs üçün uyğun olan tək bir miqdar yoxdur, çünki bədəninizin nə qədər mayeyə ehtiyacı olduğu yaşınızdan, bədən ölçünüzdən, aktivlik səviyyənizdən və sağlamlıq vəziyyətinizdən asılıdır", - deyir.
Su fasilələrinə ehtiyacı olanlar yalnız Dünya Çempionatının futbolçuları deyil: digər idmançılar, hamilə və uşaq əmizdirən qadınlar da daha çox su içməyə ehtiyacı olanlar arasındadır.
Lakin bədənin maye balansını bərpa etmək yalnız su qabınızı bir neçə saatdan bir doldurmaq demək deyil.
"Suyu yalnız içməklə kifayətlənməyib, həm də yeməliyik", - deyə Dr. Deyli bildirir və əlavə edir: "Meyvə və tərəvəzlərin 80-90 faizi su ilə doludur".
Xiyar, pomidor, kahı, kərəviz, qarpız və çiyələyin tərkibindəki su miqdarı 90 faizdən yuxarıdır.
Alma, yerkökü, bişmiş brokkoli və armud, portağal, üzüm, ananas kimi meyvələr isə 80-89 faizi nisbətində su ehtiva edir.
Müqayisə etsək, suda bişmiş yumurtada 75 faiz su olduğu halda, həzmə kömək edən biskvitlərdə bu göstərici cəmi 2,8 faizdir. Hətta pendirli və pomidorlu pizza 38 faiz su ehtiva edir, hazır aldığınız kartof fri isə 51 faizə qədər suya malik ola bilər.
Bədəninizin ehtiyacı qədər su qəbul edib-etmədiyinizi yoxlamağın bir yolu sidiyinizin rənginə baxmaqdır.
Açıq-sarı rəng olması ideal rəngdir.
Sidiyinizin rəngi narıncı və ya qəhvəyidirsə, bu, tullantıları süzən və sidik istehsal edən böyrəklərinizin bədəndə kifayət qədər su olmadığı üçün suyu özündə saxladığının göstəricisidir.
Bu, bədəninizin susuz qaldığı və daha çox su içməli olduğunuz mənasını verir.
3. Bəli, isti içkilər sizi sərinlədə bilər

Şəklin mənbəyi, Gary Yeowell
Bəzi insanların hava çox isti olsa belə çay içdiyini bilirik və bu, əslində elmi baxımdan da məntiqlidir.
Dr. Deyliyə görə, ılıq və ya otaq temperaturundakı içkilər sərinləmək üçün soyuq içkilər qədər yaxşıdır.
Araşdırmalar göstərir ki, isti içkidən sonra bədəniniz artıq istilikdən azad olmaq üçün daha sürətlə tərləyir, soyuq içkidən sonra isə daha yavaş tərləyir. Bədəniniz daxili temperaturu təxminən 37°C dərəcədə sabit saxlamağa çalışır.
Buna görə də isti çay daha sürətlə sərinləməyinizə kömək etmir; əsas məsələ, mayenin temperaturundan asılı olmayaraq, bədənin susuz qalmamasıdır.
Hava isti olduğu üçün sevdiyiniz qəhvədən imtina etməyinizə ehtiyac yoxdur; lakin həddindən artıq kafein bədənin daha çox sidik ifraz etməsinə və susuzlaşmasına səbəb ola bilər.
Matça bir fincan çaydan daha çox, lakin adi qəhvədən daha az kafein ehtiva edir.
Dr. Deyli bildirir ki, gündə bir və ya iki stəkan qəhvə bədənin maye balansında böyük bir fərq yaratmaz, lakin beş və ya altı stəkan qəhvə artıq mənfi təsirini göstərməyə başlayacaq.
Spirtli içki qəbulunun da susuzlaşmaya səbəb olduğunu unutmayın.
Yemək saatlarınızı da tənzimləyə bilərsiniz: Tez səhər yeməyi yeyin, günorta günün ən isti vaxtında qısa bir günorta yuxusu alın və sonra şam yeməyini gec yeyin.



























